Федеральная национально-культурная автономия азербайджанцев России
ФНКА азербайджанцев России создана 1 октября 1999 года

“Bakı yığması” KVN üzrə Azərbaycan Prezidenti Kubokuna hazırlaşır

  • 08/10/2013 --
  • Просмотров: 4146

Cari ilin 23 oktyabrında Heydər Əliyev Sarayında hazırkı yüzilliyin ən yaxşı KVN komandalarından birinin də iştirak edəcəyi KVN üzrə Azərbaycan Prezidenti Kuboku keçiriləcək.

Gecənin aparıcısı Beynəlxalq KVN İttifaqının prezidenti Aleksandr Vasilyeviç Maslyakov olacaq.

Azərbaycanı bu tədbirdə gənc, lakin artıq KVN komandalarının beynəlxalq turnirlərində uğurla çıxış edən və yerli tamaşaçıya yaxşı olduğunu sübut etmək üçün şans əldə edən “Bakı yığması” təmsil edəcək.

Hazırda “Bakı yığması” komandasının iştirakçıları fəal şəkildə qarşıdakı yarışa hazırlaşırlar, müəllif toplanışları və çoxsaatlıq, bəzən isə səhərə qədər uzanan məşqlər keçirirlər.

Lakin uşaqlar cədvəlin bu qədər sıx olmasından şikayətlənmirlər. Onların 1news.az-a bildirdiklərinə görə, Azərbaycanı təmsil etmək böyük səadət və bəlkə də həyatda bir dəfə düşən şansdır.

Kuboka hazırlığa ən yaxşılar cəlb olunub. Xoreoqrafiyanın qurulması Müasir və Sosial Rəqs Assosiasiyasından olan mütəxəssislərə həvalə olunub. Musiqi komponentini ölkəmizin ən məşhur bəstəkarlarından biri öz üzərinə götürüb.

Ssenari üzərində işə həm ölkəmizdə, həm də xaricdə müxtəlif yumor layihələrinin müəllif qruplarının iştirakçıları cəlb edilib. Həmçinin “Bakı yığması”nın iştirakçıları üçün peşəkar usta dərslərini Azərbaycanın xalq artisti, S.Vurğun adına Rus Dram Teatrının baş rejissoru Aleksandr Şarovski keçib. Məşq zamanı Aleksandr Yakovleviç komandanın aktyorları ilə tanış olub, müəllif materiallarına baxıb, öz tövsiyələrini verib.

“Bakı yığması”na Bakı KVN-çilərinin yaşlı nəsli də hər bir yardımı göstərir. Onlar böyük məmnuniyyətlə öz təcrübələrini gənclərlə bölüşürlər. Hazırlıq prosesinə Bakı KVN-nin ağsaqqalları  — 60-70-ci illərdə Yuli Qusmanın rəhbərliyi altında iki dəfə Ümumittifaq KVN-nin çempionu olan əfsanəvi Bakı KVN komandasının iştirakçıları Adil Məlik Aslanov və Teymur Əlizadə də qoşulub.

Görüş zamanı komanda üzvləri KVN veteranlarını sual atəşinə tutublar, öz ideyalarını bölüşüblər, mühüm məsləhətlər alıblar. Ən əsası isə onlar komandanın döyüş ruhunun yüksəldilməsi üçün zəruri olan əhval-ruhiyyəyə köklənməyə çalışıblar. “Bakı yığması”nın iştirakçıları real həyatda tarixi səhifəyə toxunublar və bu görüş onlara çıxışlarının nə dərəcə həyati əhəmiyyət daşıdığını və bu səbəbdən beynəlxalq arenada Azərbaycanı məsuliyyətlə təmsil etməli olduqlarını dərk etməyə kömək edib.

“Ümid edirik ki, bu əziyyətli, çətin, lakin son dərəcə əyləncəli prosesin nəticəsində biz KVN üzrə Azərbaycan Prezidenti Kubokunda birinci olacağıq”, — deyə 1news.az-a müsahibələrində “Bakı yığması”nın iştirakçıları bildiriblər.