Федеральная национально-культурная автономия азербайджанцев России
ФНКА азербайджанцев России создана 1 октября 1999 года

Bakıda Azərbaycan-ABŞ biznes forumu keçirilib

  • 26/11/2013 --
  • Просмотров: 4412

Bu gün Bakıda Türkiyədə fəaliyyət göstərən Amerikan iş adamlarının iştirakı ilə Azərbaycan-ABŞ biznes forumu baş tutub.

Gün.Az xəbər verir ki, tədbirdə rəsmi şəxslərlə yanaşı, ABŞ-ın Türkiyədə energetika, kimya, alternativ enerji, İKT, logistika və xidmət sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələri, ümumilikdə Azərbaycan və ABŞ tərəfdən 70-ə yaxın iş adamı iştirak edib.

Biznes forumda çıxış edən AzPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycan-ABŞ əlaqələrinin qarşılıqlı faydalı əməkdaşlığa əsaslandığını, iki ölkənin iş adamları arasında əlaqələrin genişləndirilməsində biznes forum və işgüzar görüşlərin əhəmiyyətini qeyd edib.

O, Azərbaycanda yaradılmış biznes və investisiya mühiti, həyata keçirilən layihələr barədə məlumat verib.

Forumda ABŞ-ın Türkiyədəki səfirliyinin ticarət məsələləri üzrə müşaviri Maykl Lalli ABŞ və Azərbaycan arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün mövcud potensialdan səmərəli istifadənin, iş adamları arasında əlaqələrin genişləndirilməsinin iqtisadi-ticari əməkdaşlığın inkişafında əhəmiyyətini qeyd edib.

O bildirib ki, forumda Türkiyədə ABŞ-ın 9 şirkətini təmsil edən 17 iş adamı iştirak edir. M.Lalli Azərbaycanda biznes üçün böyük imkanlar gördüklərini qeyd edib.

O, Türkiyədə 1300 ABŞ şirkətinin fəaliyyət göstərdiyini və bu ölkənin geniş imkanlar platforması olduğunu bildirib: “2011-2012-ci illərdə  Amerika və Türkiyə arasında ticarət dövriyyəsi rekord həddə çatıb. Amerika-Türkiyə ticarət əlaqələri uğurlu səviyyədə olub, biz Azərbaycanda da bunun sayını artırmaq istəyirik”

O əlavə edib ki, əməkdaşlığın davamı olaraq gələn ilin may ayında azərbaycanlı iş adamlarını Türkiyəyə dəvət edib, əməkdaşlığı inkişaf etdirmək niyyətindədirlər.

Gün.Az, Günel Abbasova