Федеральная национально-культурная автономия азербайджанцев России
ФНКА азербайджанцев России создана 1 октября 1999 года

Əli Həsənov: “Ev verdiyimiz jurnalistdən tələb olunmayacaq ki, İlham Əliyevi, hakimiyyəti tərifləyin, müxalifəti pisləyin”

  • 11/07/2013 --
  • Просмотров: 3279

Ali_Hasanov_090511“1998-ci ildən 2007-ci ilə qədər Azərbaycan mediası sözün əsl mənasında bərkə-boşa düşərək bugünkü mərhələyə qədəm qoyub. Prezident İlham Əliyev mətbuata dövlət dəstəyini şəffaflaşdırdı və qanuniləşdirdi. 2008-ci ilə qədər mediaya dəstək var idi. Amma cibdən-cibə idi, qeyri-şəffaf idi. Bu meyarlar medianın xeyrinə deyildi”.

FNKAA.RU-nun APA-ya istinadən məlumatına görə, bunu Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Jurnalistlərinin VI qurultayında çıxışında deyib.

Ə. Həsənov bildirib ki, 2008-ci ildə qəbul olunan KİV-lərin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası və onun əsasında yaradılan KİVDF medianın inkişafına xidmət edir: “Kimsə deyə bilməz ki, Fondun fəaliyyətində mediaya təzyiq mexanizmi var. Fond reket mətbuat istisna olmaqla, hər bir mətbuat orqanına, fəaliyyət istiqamətlərinə, yayılma arealına görə dəstək verir. Bu gün cənab prezidentin media siyasətinin əsas mahiyyəti azad medianın dairəsini getdikcə genişləndirmək, medianı siyasiləşdirməkdən çəkindirmək, kiminsə siyasi iddialarında vasitə olmasına imkan verməməkdən ibarətdir. Medianın konsepsiyası abad vətən, nizam-intizamlı hökumət, dövlətin və hər bir vətəndaşının maraqlarının qorunması prinsipləri üzərində qurulub. Eyni zamanda dövlətin maraqlarını qorumaq lazımdır”.

Mətbuat Şurasının fəaliyyətindən danışan Ə.Həsənov bildirib ki, MŞ bütün ölkə mətbuatının seçimi əsasında formalaşan yeganə qurumdur: “Biz də bu qurumu tanıyırıq. Mətbuat Şurası jurnalistlərin seçkili orqanıdır. Jurnalistlərlə bağlı qərarları siz verirsiniz, dövlət olaraq biz də buna sayğı ilə yanaşırıq. Dövlət də Mətbuat Şurasının müraciət etdiyi bütün məsələləri müzakirə edir. Məsələn, dünən Nicat Dağların səhhətindəki problemlə bağlı MŞ-nın müraciəti dərhal müsbət dəyərləndirildi. Bundan başqa, dəfələrlə həbsdə olan, problemlərlə qarşılaşan jurnalistlərin müraciətləri müsbət həll olunub. Çoxlu sayda məhkəmə proseslərinin qarşısı alınıb. Əgər bir quruma 3500-dən çox müraciət daxil olubsa, deməli bu təşkilat fəaliyyət göstərir və cəmiyyətdə öz yerini tapıb. Belə olan təqdirdə MŞ-nı mediamızın ümumi orbitinə çevirmək lazımıdır”.

Ə. Həsənov qeyd edib ki, artıq “reket” medianın fəaliyyət dairəsi daralıb: “Əvvəllər müstəqil mətbuatı saymaq çətin idisə, indi “reket” medianı saymaq çətinləşib. Artıq “reket” mediaya meydan yoxdur. Jurnalistlərə paylanacaq mənzillərin heç biri “reket” jurnalistlərə verilməyəcək. Belə şəxslər siyahıya düşə də bilməz. Çünki MŞ-nın nüfuzunu qorumalıyıq. “Reket” jurnalistikanın axırına çıxmaq həm də mətbuata lazımdır. Bu, vicdanlı jurnalistlərin başı dik gəzməsi üçün lazımdır. İnanın, hörmətli jurnalistlərimizin bir çoxu məclislərdə jurnalist olduğunu deməyə bəzən çəkinirlər. Çünki “reket” jurnalistlər hörmət yeri qoymamışlar. İri-xırdalı bütün müəssisələrə daxil olub, onları təhdid ediblər. Amma vaxtilə belə olmadığını hamımız bilirik. Biz bu mərhələyə yaxınlaşırıq. Bunun üçün hər birinizin dəstəyinə ehtiyacımız var”.

O deyib ki, MŞ-nın təqdimatı olmayan heç bir jurnalist ev almayacaq: “Əlbəttə, hər qəzet 3 nəfərin namizədliyini verib. Lakin bu mərhələdə hər üç namizədə ev verilməyə bilər. Ən çox haqqı, xidməti olan jurnalistlər növbəliklə evlə təmin olunacaqlar. Bu evlərin verilməsi peşənizə məsuliyyətli olmaqdan başqa heç bir öhdəlik qoymur. Ev verdiyimiz jurnalistdən tələb olunmayacaq ki, sizə mənzil verildiyinə görə İlham Əliyevi, hakimiyyəti tərifləyin, müxalifəti pisləyin. Jurnalistika missiyasını sizə biz verməmişik və biz də müəyyən etmirik. Biz hakimiyyət olaraq medianın inkişafına hər cür dəstək verəcəyik, amma hər şey sizin özünüzdən asılıdır”