Федеральная национально-культурная автономия азербайджанцев России
ФНКА азербайджанцев России создана 1 октября 1999 года

Təhsil Nazirliyi məktəb direktorları və bu vəzifədə işləmək istəyənlər üçün müsabiqə keçirəcək

  • 26/11/2013 --
  • Просмотров: 4025

Təhsil Nazirliyi Qafqaz Universiteti ilə əməkdaşlıq çərçivəsində məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan pedaqoji kadrların təlimlərdə iştirakı üçün müsabiqə elan edir.

Gün.Az-ın məlumatına görə, təlimlərin məqsədi müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd, zəruri pedaqoji və psixoloji bilikləri olan, strateji düşüncə tərzi sərgiləyən ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək məktəb direktorları yetişdirməkdir.

İlkin mərhələdə təlimlər yalnız Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrini əhatə edəcək.

Qeyd edək ki, müxtəlif mövzular üzrə keçiriləcək təlimlər 2014-cü ilin 21 yanvar – 21 aprel (3 ay) tarixlərini əhatə edəcək. Dərslər gündə 3 saat (həftəlik 15 saat) olmaqla, həftənin 5 günü təşkil ediləcək. Təlimlərin günün müxtəlif vaxtlarında (səhər və günorta) keçirilməsi planlaşdırılır.

Eyni zamanda iştirakçılar üçün müxtəlif uğurlu təcrübəyə malik məktəblərə səfərlər, qısa müddətli praktika, Təhsil Nazirliyinin əməkdaşlarının və müxtəlif təhsil ekspertlərinin iştirakı ilə müzakirələr də təşkil ediləcək.

Müsabiqədə iştirak üçün minimum tələblərə ali pedaqoji təhsilin və 5 il pedaqoji iş təcrübəsinin olması daxildir. Bundan başqa namizədlərdən liderlik bacarığı, yüksək motivasiyalılıq, səmərəli qərar qəbul etmə bacarığı, nəticəyönümlülük və İKT-dən istifadə bacarığı kimi keyfiyyətlərə malik olmaları tələb olunur.

Müsabiqə ilə bağlı geniş məlumat almatı Təhsil Nazirliyinin rəsmi saytından (www.edu.gov.az) əldə edə bilərsiniz.

Gün.Az