Son vaxtlar Baş nazirin keçmiş 1-ci müavini Abbas Abbasovun, ardınca isə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun adı bəzi KİV-lərdə yeri gəldi-gəlmədi hallandırılır… Hətta bu günlərdə “Yeni Müsavat” və “Moderator.az” saytlarında onların arasında “naməlum niyyətə” xidmət edən körpünün salınmasında tanınmış şair-publisist, uzun illərdir Moskvada yaşayıb fəaliyyət göstərən Nəsib Nəbioğlunun adı hallanır. Təfsilatına varmadan “Təzadlar” bu və ya digər suallara cavab almaq üçün Nəsib Nəbioğluna sorğular göndərmişdir. Aşağıda Nəsib Nəbioğlunun həmin suallara cavabını təqdim edirik:
—Nəsib müəllim, “Moderator.az” saytında “Abbas Abbasovla Polad Bülbüloğlunun kirli oyunları…” məqaləsində yazılanlar nə dərəcədə həqiqətə uyğundur? Çünki sizin də adınız pis mənada hallanır… Bu məsələyə aydınlıq gətirə bilərsinizmi?
-Bəzi saytlarda son illər «AzerRos»da baş verən çəkişmələrlə bağlı yazıların dərc edilməsinə təəssüf edirəm. Bu tipli materialları kimlərin sifarişiylə hazırlayıb sayta və digər mətbuat orqanlarına ötürdüklərini mən yaxşı bilirəm. Bu yazılanlar sifarişlə yazılmış ucuz böhtandan başqa bir şey deyil! Yalan yazmaq, təmiz adamlara ləkə atmaq, şərləmək yaxşı iş deyil. Heç bir əsası olmayan, yalan və böhtandan ibarət fikirlərin ayaq açmasına meydan verilməsinə təəssüf edirəm. Hər kəsə demək istəyirəm ki, bunlar hamısı yalan söhbətlərdir, şaiyələrdir, inanmayın. Bunlar hamısı bizi, cəmiyyətdə tanınmış, nüfuzlu adamlarımızı ləkələmək, gözdən salmaq üçün qurulan oyunlardır. Bizi ləkələyən, əleyhimizə olan adamlar neçə illərdir ki, hamımımızı “diaspora yaradırıq” deyə-deyə aldadırlar və yenə də aldadacaqlar. Təəssüf ki, Azərbaycan ictimaiyyəti də bunu görə-görə, göz yumur. Amma bunların heç biri baş tutmayacaq, çünki bizə ləkə yapışmaz, bu böhtanlar da bizə yapışan deyil. Amerika yazıçısı Uilyam Porterin bir sözü var. Deyir ki, “Yalan, ola bilsin, bir problemi həll edə bilər, amma özüylə daha yüz problem gətirər”. Başqa bir amerikalı məşhur psixoloq Robert Feldman yazır ki, “Biz güman edirik ki, insanlar özünüqiymətləndirmə dərəcələrinin təhlükə altına düşdüyünü hiss edəndə ən eybəcər, çirkin yalanlardan istifadə etməyə başlayırlar” . Kim olursa olsun hər bir adam işində, əməlində ədalətə, insafa, əxlaqa, ədəbə, hörmət və məhəbbətə söykənməli, allahını unutmamalıdır.
-Bu yazılardakı hansı faktlarla razılaşmırsınız? Hansı yalan məlumat yazıılıb ki? Nədir yalan olan?
— Əlbəttə, bu deyilənlərin heç biriylə razılaşmıram, bu yazılanların heç bir əsası yoxdur. O məqalələrin təşkilatçılarını da yaxşı tanıyıram. Nəyə lazımdır, bu yalanlar. Bunlar nə məqsədlə bu qədər yalanlar, böhtanlar yazırlar? Onsuz da bu faktlar, hadisәlәr ayların, illәrin süzgәcindәn, xәlbirindәn keçəcək zaman әn hər şeyi öz yoluna qoyacaq, bu adamlar özləri hansı səhvə yol veriblər indi də bunun səbəbini özlərində deyil, kənar şəxslərdə axtarırlar. Bu adamlar öz şəxsi mənafelərini millətin, xalqın və dövlətin mənafeyindən üstün tuturlar. Bu çox təhlükəli bir məsələdir. Hesab edirəm ki, bütün ictimaiyyət bunlara qiymət verməlidir. Onlar çirkin əməllərindən əl çəkməlidir.
Baxın nə yazırlar: “20 Yanvar — «Qara yanvar” Azərbaycan xalqının böyük faciəsi münasibəti ilə səfirlik binasında keçirilmiş anma mərasimində Səfir Polad Bülbüloğlu çıxış edib. Rusiya azərbaycanlıları adından isə səfirlə bərabər Abbasovun köməkçisi, daha sonra isə Abbasovun təşkilatında vitse-prezident vəzifəsinə təyin edilmiş Nəsib Nəbioğlu çıxış edib”.
Mən “AzərRos” a may ayında gəlmişəm, həmin çıxışımdan 3 ay sonra. Azərbaycanın Moskvadakı səfiri Polad Bülbüloğlunun “20 yanvar”da Azərbaycanın Moskvadakı səfirliyində Qanlı Yanvar faciəsinin 25-ci ildönümünə həsr edilmiş matəm mərasimində çıxış etdiyimi mənə irad tuturlar. Bir də mən ilk dəfə deyildi ki, səfirlikdə çıxış edirdim. Mən səfirlikdə 30-ildən çoxdur ki, müxtəlif tədbirlərdə, tarixi və önəmli günlərimizlə bağlı keçirilən tədbirlər də bayramlarımızda, 20 Yanvar, Xocalı soyqırımı kimi milli faciələrimizin anım günlərində, hüzn günlərimizdə çıxış eləyirəm. Bu tədbirdə Azərbaycan diasporasının üzvləri ilə yanaşı, Rusiyada akreditə olunmuş diplomotik korpusun nümayəndələri, rusiyalı palitoloqlar və ictimai xadimləri iştirak ediblər. Təbii ki, bu insanların qarşısında samballı adam çıxış etməliydi. Polad müəllim Moskvada səfir olandan bəri bütün tədbirlərdə mənə söz verib. Mən yalnız səfirlikdə deyil, Moskvada müxtəlif təçkilatlarda, mötəbər kürsülərdən çıxış eləmişəm və eləyirəm. Doğma Azərbaycanımın haqq səsini, rus ictimaiyyətinə ürək ağrısıyla çatıran adamlardan biri məhz mən olmuşam. Polad müəllim nə rusca, nə azərbaycanca danışa bilməyən, heç özünün də başa düşmədiyi dildə danışan adamlara necə söz versin? Onu da deyim ki, mən ömrümdə bir dəfə də olsun çıxış etmək üçün Polad müəllimdən söz istəməmişəm.
-28 may tarixində «Yevropeyskiy” ticarət-əyləncə mərkəzində keçirilən Azərbaycanın Respublika Günü münasibəti ilə keçirilmiş təntənəli tədbir barədə. Yazılanlara görə, guya həmin tədbirə Abbas Abbasovu tənqid edən adamlar buraxılmayıb…
-Və guya bunlar Polad Bülbüloğlunun göstərişi ilə olub, onlar Abbasovdan V.Putinə, İ. Əliyevə məktub ünvanladıqlarına görə zala buraxılmayıb və sair… Belə düşünürəm ki, bu da Polad Bülbüloğluna atılan şərdir, böhtandır, iftiradır. O çox gözəl bilir ki, kimləri və hansı fəaliyyətinə görə hara dəvət etmək lazımdır. O ki, qaldı Rusiyanın azərbaycanlı ziyalılarının ora dəvət olunmamasına, bu da yalandır. Oraya Moskvada yaşayan samballı ziyalılarımız toplaşmışdı. İncəsənət xadimləri, yazıçılar, şairlər, rəssamlar, gənclər təşkilatlarının nümayəndələri, bir sözlə, Azərbaycanın Rusiyadakı qaymaqları bu dövlət əhəmiyyətli tədbirdə iştirak edirdilər. Rusiyada kifayət qədər tanınan böyük hörmətə malik samballı adamlarımızın- Sərdar Abbullayevin, Fayaz Paşayevin, Natiq Ağamirovun, Asif Məhərrəmovun, Rafael Babayevin, Rüstəm Arifcanovun, İlqar Hacıyevin, Şamil Vəliyevin, Tamilla Şıxməmmədovanın və başqalarının adlarının bu məqalədə hallanması təəssüf doğurur.
-Nəsib müəllim, siz yaradıcı adam kimi tanınırsız. Bəs necə oldu ki, sizi Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinə vəzifəyə gətirdilər? Maraqlıdır, bu vəzifəyə təyinat almağınızı necə qarşıladınız ? Bir az da öz yeni fəaliyətiniz haqda “Təzadlar”ın oxucularını məlumatlandıra bilərsinizmi?
— Əvvəla, onu deyim ki, mən həmişə ictimai fəaliyyətlə məşğul olmuşam. Uzun illər “Ocaq” Azərbaycan Mədəniyyəti Cəmiyyətinin idarə heyyətinin üzvü olmuşam, bəzi səbəblərə görə 2014 — cü ildə 60-illik yubileyimdən sonra istefa vermişəm. Yaranandan 2007-ci ilə qədər “Azerross”da şuranın üzvü olmuşam, ÜAK – nin mərkəzi şurasının üzvüyəm. 2004-cü ildən Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin katibiyəm. Rusiyada Azərbaycan diasporasının yaranmasında, mənim az da olsa əməyim var. Mənim Moskvadakı İctimai fəaliyyətim hamıya məlumdur. Azərbaycanın haqq səsinin rus ictimaiyətinə çatdırılmasında böyü zəhmətim var. Siz bunları internetdən də öyrənə bilərsiniz. Mən daim Rusiya ilə Azərbaycan arasında mədəni əaqələrin möhkəmlənməsi istiqamətində fəaliyyət göstərmişəm. Xalqlarımız arasında mədəni əlaqələri genişləndirmək məqsədi ilə əlimdən gələni eləmişəm və edirəm. Ümumiyyətlə, çalışmışam ki, Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ problemi, ölkəmizin üzləşdiyi problemlər barədə Rus ictimaiyyətini imkanım çatan şəkildə məlumatlandırım. Abbas müəllim də mənim Moskvadakı hörmətimi, dürüstlüyümü, diasporadakı fəaliyyətimi, nüfuzumu, tanınmış bir qələm sahibi olduğumu, vətənpərvərliyimi, bacarığımı görüb bu işi mənə həvalə eləyib. Mən də razılaşmışam.
-Nəsib müəllim, “Milyarderlər İttifaqı” haqqında nə deyə bilərsiniz? Azərbaycanda bu ada qorxulu baxışlar var. Bəs səmimi danışsaq, bu qurum necə xarakterizə oluna bilər?
-Nəsib müəllim, “Milyarderlər İttifaqı” haqqında nə deyə bilərsiniz? Azərbaycanda bu ada qorxulu baxışlar var. Bəs səmimi danışsaq, bu qurum necə xarakterizə oluna bilər?
— Əslində, “Milyarderlər İttifaqı” dediyiniz bu təşkilat “Rusiya Azərbaycan Təşkilatları İttifaqı” adlanırdı, bu təşkilatda əksəriyyəti Rusiyada yaşayan azərbaycanlı milyarderlər olduğundan “Milyarderlər İttifaqı” adlandırdılar. Bu bizim jurnalistlərin icad etdiyi addır. Azərbaycan mətbuatında Rusiya Azərbaycan Təşkilatları İttifaqının Kremlin tapşırığı ilə yaradıldığını yazdılar. Guya bu təşkilat Kremlin gösərişi ilə yaradılıb və onların tapşırığıyla işləyəcək. Bunların hamısı bizim jurnalıstlərimizin və bəzi adamlarımızın uydurmasıdır. “Rusiya Azərbaycan Təşkilatları İttifaqı”nı bizim tanınmış imkanlı iş adamlarımız Rusiyada sanballı, güclü bir diaspora təşkilatı yaranması arzusuyla təsis etdilər. Ona da bir ağsaqqal kimi, təcrübəli bir adam kimi Abbas Abbasovu rəhbər seçdilər. Çünki Abbas Abbasovun Rusiya dövlətinin rəsmi adamlarıyla yaxın münasibətləri var, Azərbaycanda da kifayət qədər tanınır. Belə bir nüfuzu olan adamın bu təşkilata seçilməsi doğru addım idi. Bizə sözü kəsərli, savadlı, bacarıqlı, hər iki dildə sərbəst danışan, bizim haqq səsimizi qorxub çəkinmədən yüksək səviyyədə rus ictimaiyyətinə çatdıran adam lazım idi. Təşkilatı yaradan adamların çoxu Azərbaycan Respublikasının prezidenti, çox hörmətli cənab İlham Əliyevin yaxından tanıdığı admlar idi və prezidentin bu təşkilatın yaranmasından xəbəri var idi. Rusiyada fəaliyyət göstərən bu iş adamları prezidentin məsləhətiylə məhz Abbas Abbasovu rəhbər seçdilər, onlar bu təşkilata həmişə dəstək verməyə hazır olduqlarını bildirdilər. Azərbaycan diasporunun inkişafı üçün əllərindən gələni edəcəklərini dönə-dönə vurğuladılar.
—Nəsib müəllim, bəs Abbas Abbasov haqqında deyilənlərə münasibətiniz necədir?
-Abbas Abbasov on ildir ki, Moskvada yaşayır, 2006-cı ildə istefa verdikdən sonra buraya köçüb. O, Azərbaycanın ən samballı və təcrübəli dövlət məmurlarından olub. Azərbaycan xalqının milli lideri Heydər Əliyevlə 13 il bir yerdə çalışmış, Milli liderimizin sağ əli olmuş bu adam haqqında mən bunu deyə bilərəm. Heydər Əliyev heç vaxt ətrafında səriştəsiz, savadsız, bacarıqsız adamları saxlamazdı. Mən bilirəm ki, A.Abbasov H. Əliyevin ən çox ürək qızdırdığı, inandığı adamlardan olub. Əgər onun işində, hərəkətində, davranışında bir əyrilik, məsuliyyətsizlik, xoşagəlməzlik görsəydi, onu uzaqlaşdırar, onunla 13 il çiyin- çiyinə işləməzdi. Rusiya kimi nəhəng bir dövlətlə bütün əlaqələri ona həvalə etməzdi. Çünki. A. Abbasov H. Əliyev tərəfindən verilən bütün tapşırıqları ləyaqətlə, vicdanla, real müsbət nəticələrlə həyata keçirib. Qusar hadisələrində insanları sakitləşdirmək üçün onu göndərdi. Rusiya ilə iqtisadi əlaqələrin bərbası üçün ona tapşırıq verdi. Müharibədə torpaqlarını itirən Azərbaycanın dövlət büdcəsində pul olmadığı bir halda, Rusiyadan, Qazaxıstandan, Ukraynadan A.Abbasova inanaraq, onun sözübütövlüyünə inanaraq Azərbaycana taxıl, un verildi. Xalqımız aclıqdan qurtara bildi. Bunları unutmaq, ən azından insafsızlıq olar.Abbas Abbasov vətəninə, xalqına, elinə — obasına hörmət edən, öz soykökünə, doğulduğu torpağa, doğma Azərbaycanına, öz ata-babalarının ənənələrinə sadiq qalan, milli ruhunda tərbiyə olunmuş bir adamdır. O gördüyü işə həmişə böyük məsuliyyətlə yanaşır və ona həyatı əhəmiyyətli məsələ kimi baxır.
Abbas Abbasov ömrünün müdrik çağını yaşayan bir İnsan kimi dünyanı dərk etdikcə vətəninə, torpağına məhəbbəti, sevgisi artır, vətənpərvərlik hissləri daha da güclənir. Mən bunu onunla söhbətlərimdə görmüşəm, onun nə qədər vətənpərvər olduğunu, necə ürək yanğısıyla danışdığının şahidi olmuşam. Müharibə başlasa belə dörd oğluyla bərabər torpaqlarımızın azadlığı uğrunda vuruşmağa hazır olduğunu dəfələrlə deyib.
-Ümumiyyətlə, Rusiyada Azərbaycan diasporunun durumunu necə qiymətləndirirsiniz? Rusiyada güclü diaspora təşkilatlarının formalaşmamasına səbəb nədir, təşkilatlar arasında ziddiyyətlərin, çəkişmələrin güclənməsi nə ilə bağıdır?
-“Rusiyadakı diaspora təşkilatlarımız arasında heç zaman birlik olmayıb, Diaspora təşkilarları nizamlı bir təşkilatlardır və bütün Rusiyada yaşayan soydaşlarımızı əhatə edir, Rusiyada yaşayan bütün azərbaycanlılar bir-biri ilə möhkəm əlaqə qurmasında müəyyən rol oynayıb” deməyimiz düzgün olmaz. Ümumilikdə deyərdim ki, diasporamızın fəaliyyəti həmişə zəif olub. Bu müxtəlif səbəblərdən irəli gəlir. Ən başlıcası həmrəy ola bilməməyimiz, bir-birimizi bəyənməməyimiz, mənəm-mənəmlik, öz şəxsi ambisiyalarımızdan çıxış etməyimiz və sairə. İlk yaranan gündən Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyəti ilə ÜAK və digər təşkilatlar arasında həmrəylik olmayıb. Əslində bu təşkilatlar bir-birlərinə rəqib təşkilatlar kimi baxıblar. Ümumi maraqlarımızdan çıxış eləməyiblər. Ayrı — ayrılıqda öz fəaliyyətlərini davam etdiriblər.Azərbaycan Respublikasının Diaspora ilə İş üzrə Dövlət Komitəsi bir müddət həm Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyəti ilə, həm də ÜAK- siylə bərabər işlədi. Bu təkilatların işində fəal çalışan tanınmış soydaşlarımız Dünya Azərbaycanlılarının Bakıda keçirilən qurultaylarında bərabər iştirak elədilər. Bir müddətdən sonra isə Azərbaycan Respublikasının Diaspora ilə İş üzrə Dövlət Komitəsinin rəsmiləri Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyəti ilə işləməyəcəklərini bildirdilər. Onlar yalnız ÜAK-lə onun Rusiyanın bölgələrdə fəaliyyət gostərən ÜAK-sinin təşkilatlarıyla əlaqələrini qurdular.
— Nəsib müəllim, vəzifəyə təyin olunduqdan sonra hansı işləri görməyi qarşınıza məqsəd qoymuşdunuz? Nəyəsə nail ola bilibsinizmi?
-Mən var güçümlə Diaspor işində iştirak etməyə hazıram. Burada yaşayan soydaşlarımızın hüquqlarının müdafiəsi, onların koordinasiyası, milli adət-ənənələrimizin təbliği kimi vacib məsələlər də bizim təşkilatın üzərinə bir vəzifə olaraq düşür. Hamımız bilirik ki, Dünya azərbaycanlıların yalnız beşdə biri Azərbaycan Republikasında yaşayır, 3 milyona yaxın azərbaycanlı olan diaspor təşkilatlarına hörmətlə yanaşılmalıdır. Ögey doğma münasibətlər bəslənməməlidir. Biz isə diaspor təşkilatları olaraq öz növbəmizdə dövlətin maraqlarını müdafiə etməyə borcluyuq. O ki qaldı «Azerros»a, əminliklə deyirəm ki, bu təşkilat Azərbaycanın əleyhinə çıxmayacaq, çıxa da bilməz, biz ona imkan vermərik. Bizim üçün vacib prinsip bu təşkilata rəhbər olan və onlara rəhbərlik edən şəxslərin Azərbaycan xalqının maraqlarına xidmət etmək, Azərbaycan dövlətçiliyinə sadiq olmasından ibarətdir.
Təşkilatımızın fəaliyyətinin gücləndirilməsinə əlimdən gələni əsirgəməyəcəyəm. Baxmayaraq ki, bu olduqca çətindir. İlk növbədə bir diaspora təşkilatı olaraq tarixi vətənimizin öz dövlətimizin maraqlarını müdafiə edəcəyik. Mən bu vəzifəyə təyin olunduqdan sonra düşünürəm ki, yaxşı mənada dəyişiklər baş verir… Abbas müəlimlə məsləhətləşərək bir sıra vacib layihələr həyata keçirməyi planlaşdırırıq və bu layihələri həyata keçirmək imkanlarımız daha geniş olacaq. Artıq 2 aydır ki, mən buradayam, bu iki ay ərzində bir neçə tədbir həyata keçirmişik. “Güllələnmiş heykəllər” adı altında Şuşanın işğalının ildönümü ilə bağlı tədbir keçirdik. MDU — də “Doğma ana dili günü” adlı tədbir keçirdik. Kaluqa vilayətində bir iclasımızı keçirdik, Nijniy Novqorod şəhərində yerli Milli mədəni-muxtariyyətlə birgə böyük samballı bir tədbirimiz oldu. Moskvada 30-dan yuxarı ali təhsil almış gənc məzunların ixtisaslarına uyğun işlə təmin edilməsi ilə bağlı toplantımız oldu. Hər kəsə öz sahəsinə uyğun işlə təmin olunmasına yardım edəcəyik. Çox təəssüflər olsun ki, Azərbaycan mətbuatında bu tədbirlərimizlə bağlı məlumatları cap eləmirlər. Bir sıra mətbuat orqanlardan mənə bildirdilər ki, “Azərros”un, Abbas Abbasovun keçirdikləri tədbirlər haqqında məlumatları Azərbaycan KİV-də verməyəcəklər, yuxarıdan tapşırıqlar olduğunu deyirlər… Bu necə ola bilər? Axı biz Azərbaycan naminə addımlar atırıq. Bizim güclü olmağımız niyə bəzi adamları qorxudur? Biz Rusiyada güclü olmalıyıq ki, böyük problemləri də həll edə bilək… Onu da qeyd edim ki, mən buraya gələndən, mənim burda olduğumu bildiklərindən çox sayda soydaşlarımız bizə müraciər edirlər.
-Bəs, sizə müraciət edən insanlara hansı köməklikləri edirsiniz?
-Bəs, sizə müraciət edən insanlara hansı köməklikləri edirsiniz?
-Şübhəsiz kömək edirik, onları lazımi səviyyədə qarşılayırıq, gücümüz catan səvviyyədə işlərinə yardım edirik. Bizə pənah gətirib, yardım istəyən hər kəsə əlimizdən gələn köməkliyi etməyə çalışırıq. Burada məskunlaşmış hələ sayı dəqiq bilinməyən 3 milyona yaxın soydaşlarımız var. Bunlar özlərinə iş qurublar, ev tikiblər, öz zəhmətləri hesabına gün-güzaran düzəldiblər. Rusiyanın elə bir bölgəsi, elə bir kəndi, şəhəri yoxdur ki, orada soydaşlarımız məskunlaşmasın. Burada məskunlaşma ən çox Sovetlər İttifaqının süqutundan sonra baş verib. Azərbaycandan buraya gələn adamlar müxtəlif səbəblərdən gəliblər. Soydaşlarımız Rusiyanı qonşu dövlət olduğundan, əksəriyyətinin rus dilində az-çox bildiklərindən yaşamaq üçün Rusiyanı seçiblər. Bizi ruslarla birləşdirən 200- ildən çox bir tarix var. Buraya təhsil ardınca gələnlər də var, iş üçün gələnlər də, gün- güzəran qurmaq arzusuyla, həmçinin Azərbaycandan hansısa bir məmurun özbaşınalığından küsüb- inciyib gələnlər də var. Amma biz bu soydaşlarımızı siyasi, dini münasibətlərinə görə ayırmamalıyıq. Əslində, ilk növbədə Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyəti olaraq baxışlarına görə onları özümüzdən ayırmamalıyıq. Onlar kim olmaqlarından asılı olmayaraq bizim millətimizin övladlarıdır. Azərbaycan Respublikasının Diaspora ilə İş üzrə Dövlət Komitəsi də bütün təşkilatlarla işləməlidir Mədəni Muxtariyyətlə əlaqələrini qurmalı, fəaliyyətlərini möhkəmlətməlidir.
— Nəsib müəllim, “Azərros”a Mehriban Sadıxovanın seçilməsinə ağız büzənlər də oldu. Sizcə bu düzgün seçim idimi?
-Əlbəttə, bu düzgün addımdır. Qadın olanda nə olar ki? Abbas müəllimin də və bizim hər birimizin ona belə etimad göstərməsi çox təqdirəlayiqdir. Çünki qadınlarımız gördükləri hər işi daha məsuliyyətlə və ürəklə edirlər. Aslanın erkəyi — dişisi olmaz, deyiblər. Mehriban Sadıxovanın böyük təcrübəsi var, “Azərros” yaranandan orada calışıb. Savadlı qadındır, gözəl ailəsi var, əslən qarabağlıdır. Onun gördüyü işlər göz önündədir. Çoxlarına nümunə olacaq tərbiyəli, təhsilli övladları var. Belə düşünürəm ki, bu gün cəmiyyətimizdə qadınlara yer vermək doğrudur. Məncə, vəzifədə çalışan qadınların sayı çox olsa, daha yaxşıdır. Ən başlıcası odur ki, onun yanında millətimizi sevən, dilimizi qoruyan doğma Azərbaycanımızla, müstəqil dövlətimizlə fəxr edən vətənpərvər insanlarımız var. Bizi bəyənməyən adamlara aramızda yer olmayacaq.
— Nəsib müəllim, Abbas Abbasovun Polad Bülbüloğlu ilə dostluğundan narahat olanlar var… Bununla bağlı nə deyərdiniz, bu çəkişmələrdə onun da adınnın hallaması həqiqəti əks elətdirirmi?
-Polad Bülbüloğlu 2006-cı ildən Rusiyada səfirdir, onun yaradıcılığı da, xalğımıza xidməti də hamıya yaxşı məlumdur. O həm musiqiçi, həm ifaçı, həm yaradıcı insan və həm də boyük diplomatdır. Onun bir səfir kimi, bu sahədəki fəaliyyətini alqışlamaq lazımdır. Bu adam hər sahədə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı üçün, əlaqələrimizin gücləndirilməsi üçün çox işlər görür. Polad Bülbüloğlu əsl azərbaycanlıdır, əsl qarabağlıdır, olduqca vətənpərvərdir. Ən vacibi, Azərbaycan prezidenti İlham Əliyevin 40 illik dostudur. O təkcə Moskvada yox, Rusiyada, Rusiyanın bütün bölgələrində və keçmiş sovet məkanında da yaxşı tanınır, böyük hörmətə, nüfuza malik olan samballı azərbaycanlıdır. O, olduqca populyardır və onun Rusiyada bir səfir kimi fəaliyyəti ən düzgün addımdır və o öz işini davam etdirməlidir. Mən inanmıram ki, Rusiyada bu gün bu səviyyədə onu əvəz eləyən adam olsun.
Doğulduğu torpağı -doğma Qarabağı düşmən tapdağı altında qalan, evi-eşiyi darmadağın olan, atasının heykəli güllələnən, ruhu perik düşən Polad Bülbüloğlunun bütün çıxışları Azərbaycana məhəbbətdən, sevgidən,vətənimiz Qarabağımıza sıx tellərlə bağlılığından yoğrulub. O ki, qaldı Abbas Abbasovla Polad Bülbüloğlu dostluğuna, sadəcə, onu deyə bilərəm ki, Polad Bülbüloğlu 17 il Azərbaycan Respublikasının mədəniyyət naziri olub. Abbas Abbasov isə 15 il baş nazirin birinci müavini. Eyni vaxtda Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında bərabər çalışıblar. Təbii ki, Heydər Əliyevin inandığı və etibar elədiyi, çiyin-ciyinə çalışdığı bu şəxsiyyətlərin arasında münasibət olmamış olmaz. Dostluq münasibətləri də ola bilər. Onu bilirəm ki, onların hər ikisi də ömrünü xalqına həsr etmiş ümummilli lider Heydər Əliyevin əsl silahdaşlarına çevrilmiş, onun siyasətinə dərin sədaqətlərini əməli işləri ilə sübuta yetirmişlər.
— Bəs elə isə, niyə Rusiyada fəaliyyət göstərən Azərbaycan ictimai təşkilatları Abbas Abbasovu dağıdıcı rol oynamaqda qınayırlar?
-Son vaxtlar “AzərRos” Federal Milli-Mədəni Muxtariyyətində cəkişmələr oldu, səmimiyyətlə deyirəm, nə bu çəkişmələrdə, nə də də bu təşkilatın dağılmağında Abbas Abbasovun dağıdıcı rolu olmayab. Əksinə, o birləşdirici rol oynayıb, “Azərros”u qoruyub saxlayıb. İndi əmin ola bilərsiniz ki, “Azərro” etibarlı əllərdədir. Çünki Abbas müəllim Preziden İ. Əliyevin tapşırığıyla zəifləyən, heç bir fəaliyyəti olmayan diaspor təşkilatlarımızı birləşdirmək niyyətində olub. Lakin “Azərros”u parçalayan qüvvələr ayrıdır. Bu gün isə mən buradayam, Azərbaycanımızı qəlbdən sevməyən, onun müstəqillliyinə göz yuman, Azərbaycanın dövlətçiliyinə pis baxan insanlara aramızda yer yoxdur. Bir ağsaqqal kimi biz Abbas Abbasovun ətrafındayıq. Bizim kimlərinsə diqtəsiylə yox, özümüzün istək və arzularımızla istədiyimiz adamın ətrafında birləşməyimiz bizim öz haqqımız və hüququmuzdur.
— Nəhayət, Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyəti — “AzerRos” ətrafında situasiya aydınlaşıbmı?
-Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyəti — “AzerRos” ətrafında situasiya tamamiylə aydınlaşyıb. Rəsmi dövlət qeydiyyatından keçən yeganə təşkilat budur. İkinci belə bir təşkilat açmağa Rusiya qanunvericiliyi yol verməz. Bizim millətin həmişə evini paxıllıq yıxıb, bəzi adamlar samballı, tanınan, seçilən insanlarımızın Abbas Abbasovun ətrafında olmağını həzm edə bilmirlər. Əminliklə deyirəm , bu təşkilatın Azərbaycanın hər hansı formada əlehinə çıxması mümkün deyil, çıxa da bilməz, biz ona imkan vermərik.Başda Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin «AzerRos»un Ağsaqqallar Şurasının sədri Abbas Abbasov olmaqla. Bizim üçün vacib prinsip bu təşkilatların və onlara rəhbərlik edən şəxslərin Azərbaycan xalqının maraqlarına xidmət etməsi, Azərbaycan dövlətçiliyinə sadiq olmasıdır.
— Rusiyada yaşayan azərbaycanlılar RF prezidenti Vladimir Putinə, Azərbaycan Respublikasının prezidenti İ. Əliyevə Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyəti Ağsaqqallar Şurasının sədri Abbas Abbasovdan şikayət məktubu ünvanlayıblar, bununla bağlı nə deyə bilərsiniz?
-Bəli, bundan xəbərim var, mən o məktubları oxumuşam… O məktubda adları yazılan 62 nəfər adamın əksəriyyətinin o məktubdan xəbəri olmayıb. 20-dən artıq adam bizə zəng eləyiblər, bildiriblər ki, məktubda yazılanlardan xəbərləri yoxdur. Bir də rus vətəndaşları olan adamların Azərbaycan Respublikasının ptezidenti İ. Əliyevə şikayət etməsi başa düşülən deyil. Bu məktub “Azərros”dan ayrılan, inciyən adamlar tərəfindən yazılıb. Bu məktubda yazılanlar həqiqəti əks elətdirmir, sadəcə olaraq xalqı aldadırlar, böhtan, iftira atırlar, özləri də rahat bir şəkildə uydurduqları yalanlara inanırlar.— Nəsib müəllim, Rusiya və Azərbaycan arasında hal-hazırki münasibətlər necə inkişaf edir? Azərbaycanla münasibətlərin bugünkü vəziyyətini necə qiymətləndirirsiniz?
— Rusiya ilə Azərbaycan əlaqələrinin çox qədim tarixi kökləri var, xalqlarımız XIX əsrin əvvəllərindən sıx təmasda olub uzun illər bir dövlətin tərkibində yaşayıb. Mədəniyyətimiz, təhsilimiz, iqtisadiyyatımız və deyərdim ki, bütün sahələrdə o qədər qaynayıb-qarışıb ki, bu gün bu köklərin möhkəmlənməsi, əlaqələrin inkişaf etməsi artıq milli maraqlar səviyyəsində olan strateji məsələdir. Qeyri — rəsmi məlumatlara görə, Rusiyada yaşayan üç milyona qədər azərbaycanlının maraqları da bu əlaqələrin möhkəmlənməsini tələb edir. Müstəqilliyinin ilk günlərindən, Ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra, Azərbaycan Rusiya münasibətlərinə böyük əhəmiyyət vermişdir. Azərbaycan qonşu Rusiya ilə siyasi, iqtisadi və mədəni sahələrdə qarşılıqlı faydalı əlaqələrin gücləndirilməsinə Azərbaycan xalqının maraqlarından hərəkət edirdi, onun müdrik siyasəti Rusiya — Azərbaycan münasibətlərinin möhkəmlənməsinə xidmət edirdi.
Hal-hazırda Rusiya və Azərbaycan arasında münasibətlər dinamik inkişaf edir və bu inkişaf bizi- Rusiyada məskunlaşmış azərbaycanlıları çox sevindirir. Hamımız dostluq, əmin-amanlıq şəraitində yaşamaq istəyirik. Bizim dostluqdan başqa bir yolumuz yoxdur. Düzdür müxtəlif zaman kəsiyində Rusiya ilə Azərbaycan arasındakı münasibətlərdə gərginliklərin yaşandığı hallar olub. Rusiya tərəfdən dəfələrlə haqsızlıqlarla qarşılaşmışıq. Bu gün münasibətlərin möhkəmliyinin sınaqdan keçdiyi bir vaxtda Azərbaycanla Rusiya arasında münasibətlər intensiv şəkildə inkişaf edir və bütün sahələri əhatə edir. Bizim münasibətlər qarşılıqlı fayda və hörmət prinsiplərinə əsaslanır. Azərbaycanla Rusiya arasında münasibətlər Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir. Bir-birimizinin mentalitetinə yaxından bələdik. Bizim müxtəlif sahələrdə əlaqələrimiz mövcuddur. Bunları qorumaq və inkişaf etdirmək lazımdır.
— Rusiyadakı diaspor təşkilatlarımızın millətimiz və dövlətimiz naminə bir yerə yığışması, eyni ideya altında daha effektiv fəaliyyət göstərməsi üçün nə tələb olunur?
-Yalnız bizim bir ideya, bir məqsəd, bir amal uğrunda birləşməyimiz lazımdır. Onu da deyim ki, azərbaycanlıları bir yerə toplamaq olduqca çətin olur. Azərbaycanlıların bir diaspora kimi formalaşması, birgə olması, bir toplum kimi siyasi–ictimai qüvvəyə çevrilməsi olduqca vacibdir. Bizim bir qurum altında birləşməyimiz Azərbaycanın düşmənlərinin heç birinə faydali deyil. Ona görə də Azərbaycanı istəməyən, düşmən qüvvələr mütləq çalışacaqlar ki, diaspora olmasın, diasporanı parçalasınlar, diaspora başçılarını bir-birinə qarşı qoysunlar, hörmətdən salsınlar və son nəticədə məhv etsinlər. Azərbaycanda gedən sürətli inkişafa həsəd aparanlar çoxdur, uğurumuzu istəməyənlər Azərbaycana qarşı geniş hücum kampaniyası aparırlar. Diasporanı parçalayanlar isə bizi istəməyəmlərin dəyirmanına su tökürlər…
— Geniş müsahibəyə və suallarımızı ətraflı izahladığınıza görə minnətdarıq.
Источник: tezadlar.az