Федеральная национально-культурная автономия азербайджанцев России
ФНКА азербайджанцев России создана 1 октября 1999 года

Hakimiyyətin diaspor biabırçılığı

  • 17/04/2015 --
  • Просмотров: 4451
1359549790_img_1870«Bazar alverçisi» adlandırdıqları adamla bazarlıq necə baş tutdu?

YAP hakimiyyətinin insanlara hansı meyarlar əsasında qiymət verdiyi aksiomadır. Belə ki, yaxşı alim, yazıçı, sənət adamı, siyasətçi ola bilərsən. Amma səndə yaltaqlanmaq, hakimiyyəti mədh etmək qabiliyyəti yoxdursa, yalanlara, talanlara göz yuma bilmirsənsə, sənin heç bir dəyərin yoxdur. Məhz buna görə də bugün ölkənin tanınmış jurnalistləri, hüquq müdafiəçiləri, ziyalıları ya şərlənərək həbs olunub, ya ölkədən didərgin salınıb, ya da müxtəlif ittihamlarla ləkələnib.
Misal üçün, erməni hərbçi Qriqoryan hakimiyyəti təriflədiyinə görə hotel şəraitində saxlanılır, yaxud Azərbaycan xalqını təhqir etmiş Jirinovski Ilham Əliyevi təriflədiyinə görə ən hörmətli qonaq kimi qarşılandı.
Son günlər bu “qiymətləndirmə” ənənəsi davam etdirilib. Belə ki, Rusiya Azərbaycanlılarının Federal Milli Mədəni Muxtariyyəti “Azərros”un növbədənkənar 6-cı qurultayı keçirilib və Söyün Sadıxov qurumun yeni prezidenti seçilib. Tədbirdə Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanov da iştirak edib və quruma uğurlar arzulayıb. Sonda Rusiya və Azərbaycan prezidentlərinə müraciət ünvanlanıb və Abbas Abbasov barəsində ciddi tədbir görülməsi istənilib.
Bütün bunları ona görə xatırlatdıq ki, ötən ilə qədər Söyün Sadıxov Azərbaycan hakimiyyətinin bir nömrəli düşmənləri siyahısındaydı. Onun haqqında ən ağır sözlər deyilir, Rusiyanın agenti olduğu bildirilir, Azərbaycanda çevriliş üçün pullar xərclədiyi iddia edilirdi.
Məsələn, YAP-ın siması olan deputat Siyavuş Novruzov belə deyirdi: “Adı, soyu bəlli olmayan ”Söyündü», yoxsa “Soyundu” bilmirəm, bu adamın üzünə baxanda aydın olur ki, təzəcə bazardakı piştaxtanın arxasından çıxıb, iddia edir ki, mən təşkilatın rəhbəriyəm və ermənilərlə danışıqlar aparır. Ondan soruşmaq lazımdır ki, sən kimsən və sənə bu səlahiyyəti kim verib? Simasına baxanda başı başdan çox “xaşa” oxşayan bir bazar alverçisi Azərbaycan haqqında, işğal olunmuş əraziləri, gələcək taleyi haqqında danışır. Nə təhsili, səviyyəsi, dünyagörüşü, nə də danışıq tərzi, görüntüsü imkan vermir ki, bu adam Azərbaycanı təmsil etsin. Bəlli olur ki, onun ipi kiminsə əlindədir və ortalıqda oynadır. O “şestyorka”dır. Onun cəsarəti olsaydı, Azərbaycan xalqını təhqir edən Jirinovskinin dilini qoparardı».
Bəli, bu sözləri YAP-çı deputat “Azərros”un prezidenti Söyün Sadıxov haqqında deyib. Indi bu ağır təhqirlərin səsi qulağımızdan getməmiş Söyün Sadıxovun qiymətini göylərə qaldırıblar. Hökumət mətbuatı onun prezident seçilməsi haqqında geniş məlumatlar dərc edir, Azərbaycan nümayəndə heyəti tədbirdə iştirak edir, səfirliyin nümayəndəsi xoş sözlər deyir və s.
Bir sözlə, dünənə qədər Söyün Sadıxovun başını xaşa oxşadanlar, indi ona ceyran ətindən kabab bişirməyə də hazırdılar. Bir vaxtlar bazar alverçisinə bənzətdikləri adamla indi hər cür alver etməyə hazırdılar.
Ona görə yox ki, əvvəl dediklərindən peşiman olublar, haqsız olduqlarını etiraf ediblər. Ona görə ki, Söyün Sadıxov hakimiyyətin “qara siyahı”sında olan Abbas Abbasovla “müharibə” edir. Yəni dünənə qədər hakimiyyətin sevimli məmuru olmuş Abbas Abbasov bugün hakimiyyətin qəzəbinə gəlib və Söyün Sadıxovun indiki mövqeyi də hakimiyyətin maraqlarına uyğundur. Artıq Söyün Sadıxova “Şərəf”, “Şöhrət” ordeninin verilməsi də real görünür.
Göründüyü kimi, bu hakimiyyətin “qiymətləndirmə”si əsl mahiyyəti ortaya qoyur. Bugün kimsə haqlı tənqid səsləndirsə, həmin adama qarşı ən iyrənc şər-böhtan kampaniyası aparılacaq. Amma əli Azərbaycan vətəndaşlarının qanına batmış birinin “YAP hakimiyyətinə eşq olsun” deməsi kifayət edir ki, bu adam qəhrəmana çevrilsin.
Beləcə, hakimiyyət “şestyorka”, “bazar alverçisi”, “xaş baş” adlandırdığı adamın başına dolanmaqdadır. Bu da analoqsuz biabırçılıq siyasəti.