Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti («AzerRos») Moskvada “1941-45-ci illər Böyük Vətən Müharibəsində Azərbaycanın rolu” mövzusunda dəyirmi masa keçirib.
“AzerRos” FMMM-nin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Moskva Millətlər evindki tədbirdə Böyük Vətən Müharibəsində Azərbaycanın rolu müzakirə edilib.
Tədbirdə “AzerRos” FMMM, Rusiyada mövcud olan muxtariyyətlərin rəhbərləri, Böyük Vətən Müharibəsinin iştirakçıları, Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, ziyalılar və jurnalistlər iştirak ediblər.
Tədbirdə rusiyalı politoloq Qriqori Trofimçuk bildirib ki, dəyirmi masanı keçirməkdə məqsəd Azərbaycanın Böyük Vətən Müharibəsindəki qələbədə rolunu müzakirə etməkdir.
O, Böyük Vətən Müharibəsi illərində Azərbaycan neftinin qələbənin əldə edilməsində müstəsna rolundan danışıb, SSRİ-də hasil olunan neftin 72 faizini Bakının verdiyini bildirib.
Qriqori Trofimçuk təəssüf hissiylə qeyd edib ki, Azərbaycanın müharıbədə rolunun böyük olmasına baxmayaraq Bakıya «Qəhrəman şəhər» adı verilməyib. Hazırda Rusiya öz şəhərlərinə “Döyüş şöhrəti şəhəri” adı verir. Bakıya “Qəhrəman şəhər” adının verilməməsini politoloq böyük tarixi ədalətsizlik adlandırıb.
Müharibədə SSRİ-nin qələbəsində Azərbaycanın rolundan danışan “AzerRos”un Ağsaqqallar Şurasının sədri Abbas Abbasov qeyd edib ki, əldə olunan qələbədə Azərbaycan rolu danılmazdır. Abbas Abbasov deyib: «Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Böyük Vətən müharibəsi iştirakçılarına hər cür qayğıyla və hörmətlə yanaşırdı. Ulu öndərimizin yolunu uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev də 1941-1945-ci illər müharibəsi iştirakçılarına xüsusi diqqət və qayğı göstərir. Bir neçə gündən sonra prezident İlham Əliyev Moskvada keçiriləcək Qələbə paradında iştirak edəcək. Azərbaycan Prezidenti İlham Əliyevin Moskvada keçiriləcək Böyük Vətən Müharibəsində Qələbənin 70 illiyinə həsr olunmuş hərbi paradda və bayram tədbirlərində iştirak etməsi böyük önəm daşıyır, bu, Böyük Vətən Müharibəsində həlak olan insanlara göstərilən qayğının, diqqətin əyani təzahürüdür”.
Moskva Dövlət Universitetinin Tarix fakultəsinin dosenti Oksana Salopova Belarus uğrunda vuruşan, qəhrəmanlıq göstərən azərbaycanlılardan danışıb, təkcə Brest şəhərinin müdafiəsində 44 azərbaycanlının qəhrəmancasına həlak olduğunu vurğulayıb.
Samara vilayəti Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin rəhbəri Şirvan Kərimov çıxışında müharıbı illərində Azərbaycanda 130-dan çox hərbi-sursatın hazırlandığını, YAK-3 təyyarələrinin məhz Bakıda yığıldığını qeyd edib. “Bizim qələbəmiz bizim birliyimizdədir” — deyə o, vurğulayıb.
“AzerRos»un Ağsaqqllar Şurasının üzvü, Nijni Novqorod Azərbaycanlılarının Mədəni Muxtariyyətinin sədri Vidadi Abbasov öz çıxışında Bakıya «Qəhrəman şəhər» adının verlməsini ön plana çəkib.
Sonda «AzerRos”un prezidenti Mehriban Sadıqova tədbir iştirakçılarına minnətdarlığını bildirib.